Yana Alekseyeva
Yana Alekseyeva (30 oktyabr 1987) — Azərbaycanı təmsil edən qadın boksçu.
== Karyerası ==
Yana Alekseyeva 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Alekseyeva 1/32 final mərhələsində Macarıstan nümayəndəsi Vivien Ksombora (3:0), 1/16 final mərhələsində Almaniya təmsilçisi Taşena Bugara (3:0), 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Yuliya Tsiplahovaya (3:0), 1/4 final mərhələsində Avstriya təmsilçisi Şeley Vatsa (3:0), 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Estelle Mosseliya (2:1) qalib gəldi və final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İrlandiya təmsilçisi Keti Teylora məğlub oldu (0:3) və Dünya Çempionatının gümüş medalına sahib oldu.2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə aparan Yana Alekseyeva, turnirin 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Mira Pothoneni 3:0, 1/4 final mərhələsində isə Rusiya təmsilçisi Zinaida Dobrıninanı 3:0 hesabı ilə məğlub eləsə də, 1/2 final mərhələsində İrlandiya nümayəndəsi Keti Teylora məğlub oldu (1:2) və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Yana İvanovna Alekseyeva "Tərəqqi" medalı ilə təltif edildi.Daha sonra Yana Alekseyeva 2016-cı ilin 8-18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Alekseyeva 1/16 final mərhələsində Birləşmiş Krallıq nümayəndəsi Çantelle Kameronu (3:0), 1/8 final mərhələsində Türkiyə təmsilçisi Gülsüm Tatarı (3:0), 1/4 final mərhələsində İsveç nümayəndəsi Aqnes Alexussonu (3:0), 1/2 final mərhələsində İrlandiya təmsilçisi Keti Teyloru (3:0), final görüşündə isə İtaliya nümayəndəsi İrma Testanı (2:1) məğlub elədi və olimpiya lisenziyasına sahib oldu.Yana Alekseyeva 2016-cı ilin 18-28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Alekseyeva 1/16 final mərhələsində Tacikistan nümayəndəsi Mavzuna Çoriyevanı (3:0), 1/8 final mərhələsində isə Yeni Zelandiya təmsilçisi Alexis Pritçardı (2:0) məğlub eləsə də, 1/4 final mərhələsində Fransa təmsilçisi Estele Mosselliyə məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.Daha sonra Yana Alekseyeva 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Çin nümayəndəsi Yin Yunhuaya məğlub olan (0:3) Yana Alekseyeva olimpiadanı beşinci pillədə başa vurdu.Yana Alekseyeva 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Alekseyeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Türkiyə nümayəndəsi Esra Yıldız ilə üz-üzə gəldi və rəqibinə 1:2 hesabı ilə məğlub oldu.